Məzmur 137
1Babil torpağında olanda Sionu yada salardıq,
Çay kənarında oturaraq ağlayardıq,
2Liralarımızı söyüd ağaclarından asardıq.
3Bizi əsir edənlər
Nəğmə oxumağımızı əmr edirdilər,
Bizə zülm verənlər
Onları şənləndirməyimizi istəyirdilər,
«Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.
4Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?
5Ey Yerusəlim, əgər səni unutsam,
Qoy sağ əlim qurusun.
6Ey Yerusəlim,
Səni anmasam, ən böyük sevincim olmasan,
Qoy dilim damağıma yapışsın.
7Ya Rəbb, Edomluları bir yada sal,
Məğlubiyyət günü Yerusəlimdən danışırdılar,
Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»
8 Ey Babil qızı, xaraba qalacaqsan.
Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!
9Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!

Notes


*137:8 Vəhy 18:6