Məzmur 32
Davudun maskili.
1 Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan
Nə bəxtiyardır!
2Rəbb tərəfindən təqsirkar sayılmayan,
Qəlbində hiylə olmayan insan
Nə bəxtiyardır!
3Etiraf etməyəndə
Bütün gün nalə çəkməkdən
Sümüklərim taqətdən düşdü.
4Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,
Sanki yayın quraqlığı məni taqətdən saldı.
Sela
5 Sonra Sənə günahımı etiraf etdim,
Təqsirlərimi gizlətmədim.
Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm».
Təqsirimi, günahımı bağışladın.
Sela
6Buna görə hər bir mömin
Səni tapan zaman Sənə dua etsin.
Azğın sellər daşsa da,
Möminə toxunmaz.
7Sığınacaq yerim Sənsən,
Məni dardan hifz edirsən.
Zəfər harayı ilə
Ətrafımda dövr edirsən.
Sela
8Dedin: «Sənə təlim verəcəyəm,
Gedəcəyin yolu öyrədəcəyəm.
Nəsihət verəcəyəm,
Gözüm sənin üstündə olacaq.
9At yaxud qatır kimi
Şüursuz olmayın.
Cilov, yüyən vurulmasa,
Onlar idarə edilə bilməz».
10Pislərin başına çox bəla gələr,
Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
11Ey salehlər, fərəhlənin,
Rəbbə görə sevinin!
Ey ürəyidüz olanlar,
Onu mədh edin!