Məzmur 132
Ziyarət nəğməsi.
1Ya Rəbb, Davudu,
Çəkdiyi bütün əzabları,
2Rəbbə etdiyi andı,
Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
3O dedi: «Öz evimdə yaşamaram,
Yatağımda yatmaram,
4Gözümə yuxu getməz,
Gözlərimi yummaram
5Rəbbə layiq bir yer,
Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
6 Əhd sandığının Efratada olduğunu eşitdik,
Onu Yaar tarlalarında tapdıq.
7Dedik: «Gəlin, Onun məkanına gedək,
Kətilində səcdə edək».
8Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə
İstirahət edəcəyin yerə qalx.
9Kahinlərin həqiqətə bürünsün,
Möminlərin Səni mədh etsin.
10Qulun Davudun xatirinə
Məsh etdiyindən üz döndərmə.
11 Rəbb Davuda sədaqətlə and içdi,
Bu andından dönməz:
«Belindən gələn oğullarından birini
Səndən sonra taxtında oturdacağam.
12Əgər övladların əhdimə,
Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,
Onların oğulları da
Sonsuza qədər sənin taxtında oturacaq».
13Çünki Rəbb Sionu seçdi,
Orada Öz məskənini salmaq istədi.
14Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,
İstəyirəm ki, burada məskən salım.
15Bu yerə bol ruzi-bərəkət verəcəyəm,
Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16Kahinlərini zəfərə bürüyəcəyəm,
Möminləri sevinclə mədh oxuyacaq.
17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,
Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18Düşmənlərini xəcalətə salacağam,
Lakin onun tacı nur saçacaq».

Notes


*132:6 2Saln. 6:41-42

*132:11 2Şam. 7:12-13; 1Saln. 17:11-12; Zəb. 89:3-4; Həv. 2:30

*132:17 1Pad. 11:36; 15:4; 2Pad. 8:19; 2Saln. 21:7