Məzmur 124
Davudun ziyarət nəğməsi.
1İndi İsrail söyləsin:
Rəbb tərəfimizi saxlamasaydı,
2Bizə qarşı insanlar qalxarkən
Rəbb tərəfimizi saxlamasaydı,
3Bizə qarşı qəzəblərindən yanarkən
Bizi diri-diri udardılar,
4Sular bizi yuyub-aparardı,
Sellər üstümüzü basardı,
5Azğın sular üstümüzü basardı.
6Alqış olsun Rəbbə!
O bizi onların dişlərinə ov etmədi.
7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı,
Tələ qırıldı, canımız azad oldu.
8Bizə Rəbbin adından,
Göyləri və yeri yaradandan yardım gəlir.