Məzmur 48
Qorah övladlarının məzmuru.
Bir ilahi.
1Allahımızın şəhərində,
Öz müqəddəs dağında
Rəbb çox əzəmətlidir,
Bol həmdlərə layiqdir.
2 Şimala tərəf böyük Padşahın şəhəri –
Sion dağı ucalığı ilə gözəldir,
Dünyanın sevincidir.
3Onun qalalarında Allah Özünü
Alınmaz qala kimi göstərmişdir.
4Padşahlar bir yerə yığıldılar,
Siona yürüş etdilər.
5Onu görəndə mat qaldılar,
Qorxub tez qaçdılar.
6Hamilə qadının ağrısı kimi
Canlarına lərzə düşdü.
7Sən şərq küləyi ilə
Tarşiş gəmilərini parçaladın.
8Ordular Rəbbinin şəhərində –
Allahımızın şəhərində
Nə eşitmişiksə, onu gördük,
Allah oranı əbədi saxlayacaq.
Sela
9Ey Allah, məbədində
Məhəbbətin barədə dərindən düşünürük.
10Ey Allah, yerin ucqarlarına qədər
Adın həmdə layiqdir.
Sağ əlin ədalətinlə doludur.
11Qoy Sion dağı sevinsin.
Sənin hökmlərinə görə
Qoy Yəhuda qızları şad olsun.
12Sionun ətrafında gəzib-dolaşın,
Onun qüllələrini sayın.
13Divarlarına fikir verin,
Qalalarına diqqətlə baxın.
Gələcək nəslə belə deyin:
14«Əbədi, sonsuzadək
Bu Allah bizim Allahımızdır.
Ömrümüzün sonunadək
O bizə yol göstərəcək!»