1Yatağımda bütün gecə
Könlümün sevgilisini axtardım,
Axtardım, amma tapa bilmədim.
2Dedim: «Qoy könlümün sevgilisini axtarım,
Durub şəhəri dolaşım,
Küçələrdə, meydanlarda axtarım».
Axtardım, amma tapa bilmədim.
3Şəhər asayişini qoruyanlar məni tapdı,
Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
4Onlardan ayrılanda könlümün sevgilisini tapdım,
Tutub onu buraxmadım.
Onu anamın evinə –
Məni doğan qadının otağına apardım.
5Ey Yerusəlimdəki qızlar, sizi and verirəm
Dişi ceyranlara, çöldəki marallara!
Bizi bu sevgidən oyatmayın, ayıltmayın,
Qoy könül istəyənəcən qalsın.
6Səhradan keçən,
Tüstü sütunları kimi gələn,
Tacirlərin ətirli bitkiləri içərisində
Mirra və kündür ətri verən kimdir?
7Budur Süleymanın taxt-rəvanı!
Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.
8Onların hamısı qılınc daşıyır,
Mahir döyüşçüdür,
Hər biri qılıncını belinə bağlayıb,
Təhlükəli gecələr üçün hazırlanıb.
9Taxt-rəvanını padşah Süleyman
Livanın ağaclarından düzəltdirib.
10Sütunları gümüşdən, söykənəcəyi qızıldan,
Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib,
Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.
11Ey Sion qızları, çıxın,
Padşah Süleymana baxın!
O, toy günündə, ürəkdən sevindiyi gündə
Başına anasının verdiyi tacı qoyub!