SAYLAR
KİTABI
GİRİŞ
«Saylar» Kitabı İsrail xalqının Sina dağını tərk etdiyi vaxtdan Allahın onlara vəd etdiyi ölkənin şərq sərhədinə çatdıqları vaxta qədər qırx illik tarixi əhatə edir. Kitab İsraillilərin mühüm bir işinin adı ilə bağlıdır: Musa peyğəmbərin İsrail xalqı ilə yola düşməzdən əvvəl Sina dağında İsrail xalqını siyahıya alması və bir nəsil böyüdükdən sonra İordan çayının şərqində – Moavda yenə də İsrail xalqını siyahıya alması. İki siyahıyaalma dövrü arasında İsraillilər Kənanın cənub sərhədinə – Qadeşə getdilər, amma vəd olunmuş ölkəyə girə bilmədilər. Onlar həmin ərazidə uzun illər qaldıqdan sonra İordan çayının şərqinə getdilər. Xalqın bir hissəsi burada məskunlaşdı, qalan hissəsi isə Kənana daxil olmaq üçün İordan çayını keçməyə hazırlaşdı.
«Saylar» Kitabı çətinliklər qarşısında ruhdan düşən və qorxan, Allaha və Onun göndərdiyi elçiyə – Musaya qarşı üsyankar olan xalqın salnaməsidir. Xalq dəfələrlə Allaha zəif iman və itaətsizlik göstərməsinə baxmayaraq, O Öz xalqına sədaqətli olmuş və ona davamlı qayğı göstərmişdir.
Kitabın məzmunu:
1:1–9:23 İsraillilərin Sina dağını tərk etməyə hazırlaşması
1:1–4:49 Birinci siyahıyaalma
5:1–8:26 Müxtəlif qanun və qaydalar
9:1-23 İkinci Pasxa
10:1–21:35 Sina dağından Moava
22:1–32:42 Moavda baş vermiş hadisələr
33:1-49 Misirdən Moava səyahətin yekunu
33:50–36:13 İordan çayını keçməzdən əvvəl Rəbbin verdiyi öyüd-nəsihətlər
İsrail övladlarının ilk dəfə siyahıya alınması
1 İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi: 2«Bütün İsrail övladlarının icmasını, nəsilləri və ailələri ilə birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın. 3İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız. 4Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır. 5Sizə kömək edəcək adamlar bunlardır:
Ruven qəbiləsindən: Şedeur oğlu Elisur;
6Şimeondan: Surişadday oğlu Şelumiel;
7Yəhudadan: Amminadav oğlu Naxşon;
8İssakardan: Suar oğlu Netanel;
9Zevulundan: Xelon oğlu Eliav;
10Yusif övladlarından:
Efrayimdən: Ammihud oğlu Elişama;
Menaşşedən: Pedahsur oğlu Qamliel;
11Binyamindən: Gidoni oğlu Avidan;
12Dandan: Ammişadday oğlu Axiezer;
13Aşerdən: Okran oğlu Pagiel;
14Qaddan: Deuel oğlu Elyasaf;
15Naftalidən: Enan oğlu Axira».
16Bunlar icmadan təyin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa başçıları idilər. 17Musa ilə Harun adları göstərilən bu adamları apardılar. 18İkinci ayın birinci günündə bütün icmanı topladılar; nəsillərinə və ailələrinə görə adlarının siyahısı ilə iyirmi və ondan yuxarı yaşda olanlar ayrı-ayrı yazıldılar. 19Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı elə də siyahıya aldılar.
20İsrailin ilk oğlu Ruvenin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi. 21Ruven qəbiləsindən 46 500 nəfər siyahıya alındı.
22Şimeon övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi. 23Şimeon qəbiləsindən 59 300 nəfər siyahıya alındı.
24Qad övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 25Qad qəbiləsindən 45 650 nəfər siyahıya alındı.
26Yəhuda övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 27Yəhuda qəbiləsindən 74 600 nəfər siyahıya alındı.
28İssakar övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 29İssakar qəbiləsindən 54 400 nəfər siyahıya alındı.
30Zevulun övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 31Zevulun qəbiləsindən 57 400 nəfər siyahıya alındı.
32Yusif nəslindən – Efrayim övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 33Efrayim qəbiləsindən 40 500 nəfər siyahıya alındı.
34Menaşşe övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 35Menaşşe qəbiləsindən 32 200 nəfər siyahıya alındı.
36Binyamin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 37Binyamin qəbiləsindən 35 400 nəfər siyahıya alındı.
38Dan övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 39Dan qəbiləsindən 62 700 nəfər siyahıya alındı.
40Aşer övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 41Aşer qəbiləsindən 41 500 nəfər siyahıya alındı.
42Naftali övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 43Naftali qəbiləsindən 53 400 nəfər siyahıya alındı.
44Musa, Harun və İsrailin on iki rəhbəri tərəfindən bunlar siyahıya alındı; hər biri mənsub olduqları ailəni təmsil edirdi. 45İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan kişilərin hamısı mənsub olduqları ailəyə görə siyahıya alındı. 46Siyahıya alınanlar cəmi 603 550 nəfər idi.
47Lakin onların arasında Levililər ailələrinə görə siyahıya alınmadı. 48Çünki Rəbb Musaya demişdi: 49«Ancaq Levi qəbiləsini siyahıya alma və digər İsrail övladlarını aldığın siyahıya daxil etmə. 50Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məsuliyyəti Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və onun ətrafında düşərgə salsınlar. 51Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün. 52İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının altında olsun. 53Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar».
54İsrail övladları bütün bunları Rəbbin Musaya əmr etdiyi kimi etdilər.

Notes


*1:1 Say. 26:1-51